.77.
əl-Mursəlat (Bir-birinin ardınca göndərilənlər) surəsi
(Məkkədə nazil olmuşdur, 50 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
www.AYSU.az
əl-Mursəlat (Bir-birinin ardınca göndərilənlər) surəsi
(Məkkədə nazil olmuşdur, 50 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə);
- And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə);
- And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara;
- And olsun (haqla batili) ayıranlara;
- And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara-
- (Möminlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki,
- Sizə vəd edilən (qiyamət) mütləq vaqe olacaqdır!
- Ulduzlar sönəcəyi;
- Göy yarılacağı;
- Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı);
- Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman,
- (Belə soruşulacaqdır:) “(Bunlara) hansı günə qədər möhlət verilmişdir?”
- (Həmin suala cavab olaraq deyiləcəkdir: ) “(Haqla batili) ayırd ediləcəyi günə qədər!”
- Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?!
- O gün vay halına (qiyaməti) yalan sayanların!
- Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?!
- Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.
- Biz günahkarlarla belə rəftar edirik.
- O gün vay halına (qiyaməti) yalan sayanların!
- Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?!
- Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq,
- Müəyyən bir vaxta qədər.
- Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz!
- O gün vay halına (qiyaməti) yalan sayanların!
- Məgər Biz yeri məskən etmədikmi
- Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar).
- Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.
- O gün vay halına (bu nemətləri) yalan sayanların!
- (O gün kafirlərə belə deyiləcəkdir: ) “Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə!
- Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!”
- O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar.
- O (hər biri) bir saray boyda qığılcımlar saçar.
- O (qığılcımlar), sanki sarı dəvə sürükləridir.
- O gün vay halına (qiyaməti) yalan sayanların!
- Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər.
- Onlara üzr istəməyə izin də verilməz.
- O gün vay halına (qiyaməti) yalan sayanların!
- Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür!
- (Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək!
- O gün vay halına (qiyaməti) yalan sayanların!
- Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında,
- İstədikləri meyvə içində olacaqlar!
- (Onlara belə deyiləcəkdir: ) “(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için!
- Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
- O gün vay halına (qiyaməti) yalan sayanların!
- (Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!)
- O gün vay halına (qiyaməti) yalan sayanların!
- Onlara: “Namaz qılın!” – deyildiyi zaman namaz qılmazlar!
- O gün vay halına (qiyaməti) yalan sayanların!
- (Bu kafirlər) ona da (Qurana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!
www.AYSU.az